Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsi, kompyuter və İnformasiya Texnologiyalarının insana və cəmiyyətə böyük təsiri olduğu dövrümüzdə, tələbələrini məzun olmadan iş təklifləri alacaq səviyyəyə çatdırır, ən son texnologiyalara yiyələnən, özünü inkişaf etdirə bilən, tədris və tədqiqatları ilə cəmiyyəti daim yüksək səviyyələrə qaldıran, mənəvi və etik dəyərlərə bağlı olan kompyuter mühəndisləri yetişdirir. Azərbaycanda Kompyuter Mühəndisliyi Bölməsi ilk dəfə Qafqaz Universitetində 1994-cü ildə açılmış (9 tələbə qəbul olmuş) və 1999-cu ildə ilk məzunlarını vermişdir. Bu ixtisas gənclərə özlərini kompyuter elmləri, proqram təminatı və texniki vasitələr sahələrində inkişaf etdirə bilmələri üçün bənzərsiz imkanlar verir. Bölmənin əməkdaşları bir sıra beynəlxalq qurumların üzvü (İEEE, ACM) olmaqla yanaşı bir neçə beynəlxalq səviyyəli konfransların təşkili ilə də seçilməkdədir. Bu konfranslardan İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi 2009, 2010, 2011 konferanslar seriyasını nümunə göstərə bilərik. Uzun illərdir Bakalavr, Magistr və Fəlsəfə doktoru dərəcəli proqramları tədris edən bu bölmə, Azərbaycandakı  ən yaxşı bölmələrdən biridir.

Qafqaz Universitetində 4 kompyuter laboratoriyası mövcuddur. 150-yə yaxın kompyuter İnformasiya-Hesablama Mərkəzi vasitəsilə Lokal Şəbəkəyə (LAN) və İnternetə qoşulmuşdur. 44 kompyuterli sərbəst laboratoriyada tələbələr İnternet və şəxsi kompyuter ehtiyaclarını görə bilirlər.

Qafqaz Universiteti Cisco Şəbəkələri Akademiyasının üzvüdür, və Bölmə nəzdində qurulmuş Cisco laboratoriyası Azərbaycanda mövcud olan məhdud saydakı lokal şəbəkələrdən biridir. Tələbələr şirkətin imtahanlarından keçərək endirimlərlə CCNA sertifikatı alma imkanı əldə edirlər. Laboratoriyada 6 router, 3 switch və 17 kompyuter mövcuddur.

Qafqaz Universitetini fərqli edən bir digər xüsusiyyət də, universitetdə fəaliyyət göstərən elmi tədqiqat mərkəzləridir.   Kompyuter Mühəndisliyi sahəsində işləyən mərkəzlərdən biri İKT elmi tədqiqat mərkəzidir. Hal-hazırda mərkəz elmi-texnologiya və idarə etmə sahələrini maraqlandıran milli və beynəlxalq səviyyədə konfranslar, seminarlar, kurslar, sərgilər təşkil etməkdə, yerli və beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirərək müəllim və tələbə mübadiləsini təmin etmək üçün iş qrupları və keyfiyyət qurumları meydana gətirməkdədir. Mərkəzin 80 üzvü vardır ki, bunların da böyük hissəsini (75 nəfər) tələbələr təşkil edir.

Ən son yeniliklərdən biri isə Kompyuter Mühəndisliyi Bölməsi nəzdində “Purple Lab” laboratoriyasının açılmasıdır. Azercell şirkətinin Qafqaz Universitetinə xüsusi hədiyyəsi olan bu laboratoriyada mobil rabitədə son üç nəsil texnologiya  2G (GSM), 3G ( WCDMA/UMTS) və 4G (LTE) radiobaza stansiyaları qurulub. Bu, nəinki Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə texnologiya ilə təchiz olunan ilk laboratoriyadır.

Bu imkanlarla Kompyuter Mühəndisliyi Bölməsi bir çox nailiyyətlərə imza atmışdır. Bölmənin tələbələri 2003-cü ildən başlayaraq bölmənin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə Respublikamızda keçirilən İnformatika və Proqramlaşdırma, 2005-ci ildən isə Beynəlxalq proqramlaşdırma müsabiqələrində mütəmadi olaraq iştirak edirlər. Tələbələr bu müsabiqələrdə dəfələrlə I, II, III yerlərə layiq görülmüş və ümumilikdə 50 diplom və medallar qazanmışlar. Qafqaz Universiteti Respublikamızda keçirilən bir çox İnformatika və Proqramlaşdırma olimpiadalarının keçirilməsinə ev sahibliyi etməkdədir.

Kompyuter Mühəndisliyi Bölməsi tələbələrin dünyagörüşünü genişləndirmək, onların şəxsiyyət kimi formalaşmasını təmin etmək məqsədi ilə müxtəlif məzmunlu görüşlər, ekskursiyalar, müzakirələr və seminarlar keçirir. Kompyuter sahəsində ölkəmizdə və dünyada tanınmış insanları universitetə dəvət edir və tələbələrin iş dünyası ilə əlaqəsini canlı tutmasına, yeniliklərdən və müasir tələblərdən daim xəbərdar olmasına şərait yaradır. Bölmənin tələbələri universitetdə fəaliyyət göstərən müxtəlif tələbə dərnəklərində, teatr və digər bədii özfəaliyyət işlərində, maraqlarına və qabiliyyətlərinə görə iştirak edirlər.

Kompyuter Mühəndisliyi Bölməsinin məzunları Respublikamızda və xaricdə fəaliyyət göstərən bir sıra dövlət qurumları və özəl müəssisələrdə Universitetimizi layiqincə təmsil etməkdədirlər. Bir çox məzunlarımız Amerika, Avropa və Asiyanın nüfuzlu universitetlərində magistratura pilləsində təhsillərini davam etdirirlər.